Jervinyo: "Gözəl bir qadın olmasam da..."

Kenan Heyderli

26 Sentyabr 2018 0

"Parma"nın Kot-d'ivuarlı futbolçusu Jervinyo İtaliya mətbuatına maraqlı açıqlamalar verib.

Seria A-nın 5-ci turunda "Kalyari" ilə görüşdə topu öz meydançasından götürüb 4 futbolçunu geridə qoyaraq fərqlənən 31 yaşlı hücumçu "Parma"nın meydançası "Ennio Tardini"də həm yerli, həm qonaq "Kalyari" azarkeşləri tərəfindən ayaqüstə alqışlanmışdı.

80 metrdən çox məsafə qət edərək toru silkələyən və yenidən xoşbəxt olduğunu dilə gətirən Jervinyo əvvəlcə onu bu günlərə gətirən, "Lill" və "Roma"da birgə çalışdığı Rudi Qarsiyaya minnətdarlığını bildirərək onu "ikinci ata" kimi gördüyünü söyləyib.

Fransada "Lill" ilə çempionluq yaşadıqdan sonra arzularından birini - Totti ilə oynamaq fürsətini də əldə edən Jervinyo daha sonra Çin klubu "Hebei" ilə müqavilə imzalamışdı. Yenidən Avropaya qayıdışında "Parma"nın rolu olduğunu dilə gətirən afrikalı oyunçu, "Parmanı seçdim, çünki mənə özəl olduğumu hiss etdirdilər. Gözəl bir qadın olmasam da, idman direktorumuz Daniele Faccioni məni başdan çıxarmaq üçün əlindən gələni etdi" ifadələrini işlətdi.

Mövsümdə iki dəfə fərqlənən Jervinyo daha əvvəl "Lill", "Arsenal", "Roma", "Hebei" kimi klubların formasını geyinib.

Xatırladaq ki, yenidən Seria A-ya qayıdan Jervinyonun şərəfini qoruduğu "Parma" ilk üç turda sadəcə 1 xal qazansa da, daha sonra "İnter" (1-0) və "Kalyari" (2-0) görüşlərini qələbə ilə başa vurmağı bacarmışdı.


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur