ÇL B qrupuna baxış: İcardi ya Messi? Yoxsa hər ikisi?

Kenan Heyderli

26 Sentyabr 2018 0

Ölüm qrupu adlandıra biləcəyimiz B qrupunun əsas favoriti heç şübhəsiz "Barselona"dır.

6 il sonra Avropanın ən mötəbər klub turnirinə geri qayıdan "İnter"lə bərabər Premyer liqadakı oyununu heç cür Avropaya siraət etdirə bilməyən "Tottenhem" də növbəti mərhələyə adlamağa iddialıdır. Son Hollandiya çempionu "PSV" isə qrupun kağız üstündə zəif halqasını təşkil edir.

Qrupun və ümumiyyətlə qrup mərhələsinin ən maraqlı oyunlarından biri Barselona-İnter və İnter-Barselona matçları olacaq. Messi ilə konflikt yaşayan və dünya çempionatına aparılmayan Mauro İkardinin özünü sübut matçları keçiriləcək desək yanılmarıq.

İki Argentinalıdan birinin və ya hər ikisinin komandasının növbəti mərhələyə yüksəlməsinə Keynli "Tottenhem"in və Eyndhovenlilərin mane olub-olmayacağı da maraqla gözlənilir.

B qrupu ulduz futbolçusu
Barselona (İspaniya) Messi (31) - 180 milyon
İnter (İtaliya) İcardi (25) - 95 milyon
Tottenhem (İngiltərə) Harri Keyn (25) - 150 milyon
PSV (Hollandiya) Hirvinq Lozano (23) - 30 milyon

İlk turda evdə PSV-ni Messinin het-triki və Dembelenin baxımlı qolu ilə 4 cavabsız qolla məğlub edən kataloniyalılar bu dəfə Londonda Keynli, Eriksenli "Tottenhem"in qonağı olacaq. Kamp Nouda qırmızı vərəqə alan fransız müdafiəçi Umtitinin yerinə çox güman ki, "Jirona" ilə oyunda qırmızı vərəqə alaraq liqada cəzalı olan həmyerlisi Lenqletin oynaması gözlənilir.

"Barselona"nın heyətində həmişəki kimi Messi eləcə də, Serji Roberto ilə Dembele əla formadadır.

Avrokuboklarda özünü liqadakı kimi rahat hiss etməyən kollektivlərdən "Napoli" ilə yanaşı "Tottenhem"in adını çəkmək yanlış olmazdı. "Cuzeppe Meazza"da son 5 dəqiqəyə 1-0 öndə girən londonlular sonradan qapısında iki top görərək İngiltərəyə xalsız qayıtdı. Son dünya çempionu Huqo Lorisin olmaması, hollandiyalı Mişel Vormun formsuzluğu Poçettinonu son oyunda klubun üçüncü qolkiperi Paolo Qazzaniqanı oynatmağa məcbur etdi.

Transfer zamanı səssizliyin qoruyan "Tottenhem"ə bir-birinə alışmış oyunçulardan ibarət komanda deyə bilərik. Dünya çempionatından sonra daha da püxtələşən Keyn, Trippier, Eriksen, Davinson Sançez, Min Son kimi oyunçularla yanaşı Lamela və Lukas Mouranın yenidən güclərini bərpa etməsi "Barselona"nın Londonda işinin asan olmayacağının xəbərçisidir.

"Tottenhem"i əzmkar qələbəylə devirən "İnter" liqada çətin "Sampdoriya" və "Fiorentina" oyunlarını da qələbə ilə başa vuraraq uğurlu çıxışını davam etdirməktədir. Yay transferlərini məhsuldar keçirən mavi qaraların gücünə Nainqolan, Asamoah, Vrsalko, De Vray, Keita Balde, Politano kimi futbolçular daha da güc qatmaqdadır.

Liqada 6-da 6 edən (6 oyun, 24 qol) "PSV"nin növbəti mərhələyə yüksəlməsi inandırıcı görünməsə də, qrupdakı rəqiblərinə ayaq bağı olacağını deyə bilərik. Əzəli rəqibi "Ayaks"ı pərişan edən (3-0) Eyndhovenlilər ikinci turda "Filips Arena"da "İnter"i qəbul edəcək. Baş məşqçi Van Bommel iddiasını davam etdirmək istəyirsə, bu görüşdən qalib ayrılmağın yollarını axtarmalıdır.

Proqnoz 18 final - Barselona və İnter Avroliqa - Tottenhem Qrup sonuncusu - PSV Eyndhoven

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur