ÇL A qrupuna baxış: "Atletiko"ya "Qarabağ"ı kim xatırladacaq?

Kenan Heyderli

26 Sentyabr 2018 0

Çempionlar liqasının və Avroliqanın olmadığı həftə futbol həvəskarları üçün qismən boş keçmiş sayılır.

İstər milli səviyyəsində oyunlar (Dünya çempionatı, Avropa çempionatı vs.), istərsə də liqa oyunları o auranı bizlərə tam yaşada bilmir. Xüsusilə də, ingilis bəstəkar Toni Brittenin 1992-ci ildə ərsəyə gətirdiyi ÇL-nın rəsmi himni hər bir futbolçunu həyəcanlandırdığı kimi bizə də ekstra motivasiya aşılayır.

Baxmayaraq ki, klublar Avrokuboklarda mübarizəni gələn həftə davam etdirəcək, biz indidən klubların son vəziyyətini, ilk oyunlar sonrasında qrupdakı şanslarını dəyərləndirəcəyik.

Başlayaq A qrupundan.

A qrupu: Ulduz futbolçusu: Atletiko Madrid (İspaniya) Qrizman (27 yaş) - 120 milyon avro Monako (Fransa) Falkao (32) - 12 milyon avro Borussiya D (Almaniya) Marko Roys (29) - 40 milyon avro Brügge (Belçika) Uesli (21) - 9 milyon avro

Ötən mövsüm Qarabağla hər iki oyunda da bacarmayan Madrid "Atletiko"su "Çelsi" və "Roma"nın gerisində qalaraq Avroliqaya yollanmışdı. "Köhlən atlar"ın ssenarisini bu dəfə Brügge klubu təkrarlamaq niyyətindədir. Amma bu elə də real görünmür. Səfərdə Kosta və Ximenezin qollarıyla "Monako"nu 2-1 məğlub edən Simeonenin komandası bu dəfə son Belçika çempionu "Brügge"ni "Vanda Metropolitano"da sınağa çəkəcək.

Lemar, Gelson Martins, Kaliniç kimi qol duyumu yüksək futbolçuları heyətinə qatan "Atletiko"nun iranlı Kaveh Rezai ilə yanaşı Vanaken-Uesli ikilisini dayandırması lazım gələcək. Onsuz da əksər hallarda "tək güllə" (minimal hesablı qələbə) strategiyasını həyata keçirən Simeonenin ən güvəndiyi bölgə Qodinli, Ximenezli, Xuanfranlı, Hernandezli, Ariaslı, Filipe Luizli müdafiədir.

Səfərdən Pulisicin vurduğu qolla 3 xalla dönən Dortmund "Borussiya"sı isə, evdə "Monako"nu qəbul edəcək. Mbappe, Mendy, Bakayoko, Fabinyo, Lemar, Cermen kimi ulduzları ilə 2017-ci ildə "Siqnal İduna"da sarı qaraları məyus edən knyazlar bu oyunçularla yollarını ayırdıqdan sonra həm liqada, həm də avrokuboklarda zəif çıxışına son qoya bilmir.

Liqanın 7-ci turunda evində "Anje"yə məğlub olaraq 16-cı sıraya geriləyən "Monako"nun bu dəfə çılğın Dortmund azarkeşlərini məyus edəcəyi inandırıcı görünmür. Nəticə olaraq, əgər "Dortmund" və "Atletiko" futbolçuları ikinci görüşlərini də qələbə ilə başa vursalar, o zaman sonrakı iki turda öz aralarında qrup liderini böyük ölçüdə müəyyənləşdirəcək oyunlara çıxacaqlar.

Proqnoz: 1/8 final - Atletiko Madrid və Borussiya D Avroliqa - Brügge Qrup sonuncusu - Monako

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur